Anım günü
2003-cü il dekabr ayının
12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan
xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər
Əliyevi cismən itirdi. Düz 6 il öncə bu acı xəbəri eşidəndə Azərbaycan xalqı
başına özü boyda qara yaylıq bağladı. Bütün dünyanın aparıcı kütləvi
informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini
baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq,
milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər
gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün
qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.
12 dekabr – Bu gün bütün
dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad
edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə
edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri
ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider.
Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə
qayıdışına mühüm stimul oldu.
Heydər Əlirza oğlu Əliyev
1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu
ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində
təhsil alıb. İkinci Dünya Müharibəsi ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev
Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq
Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi
orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində
çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində
işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. 1957-ci ildə isə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin
dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.Heydər Əliyev 1987-ci ilin
oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti
olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin
20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi
gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan
xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını
tələb edib. O, Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin
ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana
qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə
də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin
müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan
şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda
hökumət böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar olaraq ölkədə vətəndaş
müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan
xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın
o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi,
iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də
ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının
prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident
seçkilərində yenidən Azərbaycanın dövlət başçısı seçilib. 2003-cü il dekabr
ayının 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş
Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Комментариев нет:
Отправить комментарий