Zaqatala rayon Mamrux kənd tam orta məktəbin VI sinfində 07 dekabr 2017 ci il tarixində keçirilmiş sinif saatının məruzəsi
Parlamentin yaradılması
Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin
və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il
fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan
ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya
Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş
və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri
1918-ci il fevralın 14-də Zaqafqaziya Seymini yaradırlar.
Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın
27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti
yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın
idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın
Milli Şurası elan edirlər.
M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri
seçilir.
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən
bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul
edir.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və
hökuməti Tiflisdən Gəncəyə köçür.
Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın
15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də
F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin
paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini
dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa
edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini
çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli
Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan
Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.
Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə
müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə
olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara
alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki,
azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44
Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv
daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın
ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən
edilmişdir.
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə
əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası
ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan
əhalisinə!” müraciətnaməsi dərc edilir.
1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev
(indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman
şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan
Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.
Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin
birinci müavini seçilirlər.
Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir,
Mehdi bəy Hacıniski baş katib seçilir.
Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri
F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını
qəbul etməyi Parlamentdən xahiş edir.
Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul
edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın
26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə
edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini
demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq
1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və
qrupunu cəmi 96 deputat təmsil edirdi.
Bütün partiya fraksiya və qrupları öz fəaliyyət
proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var
idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını,
milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin
digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini
yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar
etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək
güclü ordu yaratmaq.
Cəmi
17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətnin
Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi.
Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir.
O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika
idi.
Bu
dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası
keçirilmişdir. İlk iclas
1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.
Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti
Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki,
onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə
onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə
tənzimlənirdi.
Parlamentdə
11 komissiya fəaliyyət göstərirdi.
Комментариев нет:
Отправить комментарий