Zaqatala rayon Mamrux kənd tam orta məktəbin VI sinfində 08 noyabr 2017 ci il tarixində keçirilmiş sinif təşkilat saatının məruzəsi
Bayraq günü
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Ölkəmizin
üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci ilin 28 aprelində
Xalq Cümhuriyyəti süqut edəndən və Azərbaycan sovetləşəndən sonra respublikanın
üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib.1991-ci
il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu
bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib.
Azərbaycan
prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9
noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət
Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə
təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik
edib və dəyişikliyə əsasən Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.
2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə
Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial
abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda inşa olunmuş bayraq
dayağının hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin
diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr,
uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350
kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət
himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən
hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.Qeyd edək ki, müstəqil
Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki
milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük,
islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri
Əli bəy Hüseynzadədir.Azərbaycan Respublikasının dövlət bayrağından istifadə
müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri,
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının
Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının
Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə
təsdiq edilib. Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və
uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir:
üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli
ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli
ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir;
düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri
konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük
dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə
bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən
sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli
ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri
bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Комментариев нет:
Отправить комментарий