суббота, 21 октября 2017 г.

Sinif rəhbəri öz işini hansı məzmun və əsas istiqamətdə qurmalıdır


Sinif rəhbəri sinfə aid sənədləri tərtib edir, gündəliklərin və şagirdlərin şəxsi işlərinin vəziyyətinə nəzarət edir.
Sinif rəhbərinin əsas fəaliyyət sahələri aşağıdakılardır:
1. Ayrı-ayrı şagirdləri və sinif kollektivini davamlı öyrən-mək;
2. Şagird kollektivini təşkil etmək, vəzifə bölgüsü aparmaq;
3. Müəllimlərin tərbiyəvi fəaliyyətini tənzim etmək;
4. Sinifdənxaric tərbiyə işlərini təşkil etmək;
5. Şagirdlərin biliklərə dərindən yiyələnməsinə nəzarət et-mək;
6. Şagirdlərin əxlaq tərbiyəsi ilə bağlı təcrübə qazanmasına və davranışlarına nəzarət etmək;
7. Şagirdlərdə davranış mədəniyyətinin tərbiyə edilməsi;
8. Valideynlərlə iş aparmaq.

Sinif rəhbəri sinif jurnalını səliqəli tərtib edib hazırlayır və həmişə nizami qaydada aparır. O, tədris ilinin əvvəlində müdiriyyətdən sinif jurnalını qəbul edib, onu tələb olunan qaydada səliqə ilə yazıb hazırlayır və onun müəllimlər tərəfindən həmişə səliqəli yazılmasına və aparılmasına nəzarət edir. Sinfin bütün şagirdlərinin gün-dəliklərinin olması və onun normal aparılması qayğısına qalır və onu təmin edir, hər gün keçirilən fənnlər üzrə hər dərsdə şagirdlərə verilmiş qiymətlərin orada düzgün və səliqəli yazılmasını və aparılmasını, hər həftə gündəliklərin valideynlərə göstərilib imza etdirilməsini isə müəllimlərdən tələb edir və ona nail olur. O, vaxtaşırı şagird gündəliklərini yoxlayıb, qiymətlərin orada düzgün yazılmasına nəzarət edir, hər rübün sonunda şagirdlərin rüblük qiymətlərini gündəliyin axırındakı xüsusi qrafaya köçürür. Sinif rəhbəri şagirdlərin şəxsi işlərini diqqətlə nəzərdən keçirib normal vəziyyətdə hazırlayır, dərs ilinin sonunda hər şagirdə onun təlim-tərbiyə fəaliyyəti, şagirdlər üçün qaydalara necə riayət etməsi, məsuliyyəti, intizamı, mədəni davranışı və xasiyyəti haqqında xüsusi xarakteristika tərtib edir. O, tədris rüblərinin sonunda müəllimlərin razılığı ilə şagirdərin rüblük, ilin axırında isə illik qiymətlərini təlim müvəffəqiyyətlərini müəyyənləşdirib qiymət cədvəllərinə (sinif jurnalına) köçürüb yazır və bu barədə məktəbin rəhbərliyinə rəsmi məlumat verir.
O, öz sinfində aparacağı təlim-tərbiyə işlərinə aid rüblük və ya yarımillik iş planları yazıb hazırlayır, sinif şagirdləri ilə il ərzində həyata keçirilmiş bütün təlim-tərbiyə işləri barədə dərs ilinin sonunda ətraflı hesabat yazır və məktəb müdiriyyətinə təqdim edir, rəsmi hesabat verir.
Sinif rəhbəri sinfin tərbiyə vəzifələrini müəyyən edir və onları həyata keçirir. Şagirdlərin fərdi xüsusiyyətlərindən asılı olaraq bu vəzifələrin həyata keçirilməsinin vasitə və metodları da müx-təlif ola bilər. Belə ki, bəzi şagirdləri tərifləmək, digərlərinə əmr vermək, başqalarını isə davranış qaydalarını pozduqlarına görə tənbeh etmək lazım gəlir.
Deməli, şagirdləri düzgün tərbiyə etmək üçün onlara fərdi yanaşmağı bacarmaq lazımdır. Fərdi yanaşma isə yalnız şagirdləri dərindən və hərtərəfli bilmək əsasında mümkün ola bilər.
Sinif rəhbəri şagirdləri öyrənərkən aşağıdakı tələblərə əməl etməlidir:
1. Öyrənmə tərbiyə və təlimin keyfiyyətinin yüksəlməsini təmin etməlidir;
2. Öyrənmə planlı və sistematik aparılmalıdır;
3. Öyrənmənin təbiiliyi, həyatiliyi və obyektivliyi təmin edil-məlidir;
4. Şagirdlər fəaliyyətdə öyrənilməli və tərbiyə edilməlidir;
5. Öyrənmə zamanı müxtəlif metod və tərzlərdən istifadə edilməlidir;
6. Şagird bütövlükdə və tam öyrənilməlidir.
Bu tələblərin hər biri haqqında müəllim tələbələrə ətraflı izahat verməlidir. Adətən, öyrənmə prosesində şagirdin ümumi və sosial inkişafı, onun mənəvi siması, səciyyəvi xüsusiyyətləri, intizamlılığı, təlim əməyi, davranış mədəniyyəti və digər keyfiyyətləri aydınlaşdırılır.
Bununla bərabər, məktəblinin həyat və məişət şəraiti ilə tanış olmaq, onun kiminlə dostluq etdiyini, asudə vaxtını necə keçirdiyi-ni, nə ilə məşğul olduğunu aydınlaşdırmaq lazımdır. Şagirdlərin diqqəti, hafizəsi, təfəkkürü və digər psixi proseslərinin xüsusiyyətləri də öyrənilməlidir. Sinif rəhbərinin şagirdləri pedaqoji cəhətdən öyrənməsi üçün təqribi planı olmalıdır.
Şagirdləri öyrənmə proqramında aşağıdakı məsələlər əks olunmalıdır:
I. Şagirdlər haqqında ümumi məlumat: soyadı, adı, anadan olduğu il, tarix, şagirdin ev ünvanı, şagirdin valideynləri harada və hansı vəzifədə işləməsi, ailədə qarşılıqlı əlaqələr, ailə tərkibi, ailə-nin mədəni səviyyəsi, maddi vəziyyəti, məktəblinin rejimi və asudə vaxtı, ev işlərində iştirakı, dostları, tanışları, məktəblinin həyatında ən vacib hadisələr, səhhəti ( məktəb həkiminin məlumatı üzrə).
II. Şagirdin ümumi inkişafı: təlim əməyinə münasibəti, şagirdin mənimsəmə səviyyəsi, fiziki əməyə münasibət, intizamlılıq səviyyəsi, şagirdin maraq və meylləri;
III. Şagirdin ictimai-siyasi və ictimai işi: sinfin ictimai həyatında iştirakı, ictimai işin yerinə yetirilməsi xarakteri, sinif kol-lektivində yeri.
IV. Şagird şəxsiyyətinin əsas əlamətləri: ictimai şüuru, dünyagörüşü, ideyalarının konkret şəraitdə-təlimdə, ictimai işdə və əməkdə həyata keçirmək qabiliyyəti: mənəvi keyfiyyətləri, vətənə məhəbbət hissi, ölkəmizdəki hadisələrə marağı, öz əməyi ilə məktəbə, cəmiyyətə kömək göstərməyi, xarakterik iradi əlamətləri, məqsədyönlülük, fəallıq, qətiyyətlilik, cəsarətlilik, müstəqillik, təşəb-büskarlıq, mütəşəkkillik, səbrlilik, intizamlılıq, məktəblinin fərdi, psixiloji xüsusiyyətləri.
V. Şagirdi öyrənmə prosesində sinif rəhbərinin nəzərdə tutduğu pedaqoji tələblər: hansı xüsusiyyətləri necə inkişaf etdirmək və təkmilləşdirmək, məktəblinin hərəkətindəki nöqsanları aradan qaldırmaq üçün nə etmək lazımdır. Aydındır ki, bir sıra məsələlər müəyyən şəraitlə əlaqədar olaraq sinif rəhbərinin proqramına daxil edilməyə də bilər. Deməli, sinif rəhbərinin planı konkret olmalıdır.
Sinif rəhbəri təkcə ayrı-ayrı şagirdləri deyil, bütün sinif kollektivini öyrənməlidir. Deməli, sinif rəhbəri bütün şagird kollektivini öyrənməyi nəzərdə tutan aydın proqrama malik olmalıdır. Şagird kollektivini öyrənmək proqramı isə aşağıdakı məsələləri əhatə etməlidir:
I. Sinfin tərkibi. Yaş tərkibi: dərketmə səviyyəsi və şagirdlərin inkişafı, iş qabiliyyəti, mənimsəmə dərəcəsi və sinfin ictimai siması.
II. Sinfin həmrəyliyi: İşgüzarlıq nə səviyyədədir? Sinifdə marağa görə qruplaşmalar varmı, şagirdlər bir-birlərinə necə yanaşırlar? Onlar sinfin işlərinə necə münasibət bəsləyirlər, məktəbdə və məktəbdənkənar vaxtlarını bir yerdə keçirməyi, bir yerdə öyrənməyi və bir yerdə oxumağı istəyirlərmi? Oğlan və qızlar dostluq edirlərmi? Kollektiv üzvləri lazım olduqda bir-birini müdafiə edirmi?
III. Sinfin mütəşəkkilliyi: burada şagirdlərin kollektiv işləri yerinə yetirmək üçün hazır olması, təhkim olduğu şəxslərin göstərişlərinə əməl etmələri və s. öyrənilir.
IV. Sinifdə ictimai rəy: burada şagirdlərin yoldaşlarının işinə necə münasibət bəsləməsi, onu bəyənməsi və ya pisləməsi, narazılıq və narazılıqlarını necə ifadə etməsi, danışıqları və işləri arasındakı uyğunsuzluğun olub-olmadığını, sinifdə tənqid və özünütənqidin olması və s. öyrənilir.
V. Kollektivdə yoldaşlıq əlaqələrinin xarakteri: məktəbliləri nə birləşdirir (yaşayış yerlərinin ümumiliyi: partada bir yerdə oturmaq, maraqlar, ümumi iş), şagirdlər harada dostluq edirlər (məktəbdə və ya məktəbdən kənarda), onlar yoldaşlarına necə kömək göstərirlər, dostlarına qarşı tələbkardırlarmı, fiziki qüsuru olan şagirdlərə düzgün münasibət bəsləyirlərmi və s.
Bundan başqa, sinif rəhbərinin öyrənmə proqramına “Sinfin fəalları ilə iş”, “Sinif kollektivinin ümumməktəb kollektivi ilə əlaqəsi”, “Sinif kollektivinin daha da möhkəmləndirilməsi tədbirləri” və s. bölmələri daxil edilir. Bəs sinif rəhbəri şagirdləri hansı metodlarla öyrənə bilər? Sinif rəhbəri şagirdlərini öyrənmək üçün aşağıdakı metodlardan istifadə edə bilər:
1. Şəxsi işlərlə tanışlıq: şagirdin sağlamlığı, təhsil səviyyəsi, tərbiyəlilik səviyyəsi.
2. Keçən ilki sinif jurnalı ilə tanışlıq .
3. Sabiq sinif rəhbəri və sinfin müəllimlərilə söhbət.
4. Direktor və onun müavinlərinin məlumatı.
5. Şagirdlərlə şəxsi görüşlər (tədris ilinin əvvəlində və sonun-da).
6. Valideynlərlə söhbət.
7. Pedaqoji müşahidə.
8. Şagirdlərlə müsahibələr.
9. Pedaqoji eksperimentlər.
10. Şagirdlərin fəaliyyət məhsullarının öyrənilməsi;
11. Müəllimlərlə söhbət;
12. Anketlər;
13. İnşa yazılar;
14. Ev şəraitinin öyrənilməsi;
15. Dolayı xarakteristikaların ümumiləşdirilməsi (bu zaman sinif rəhbəri şagirdlər haqqında başqa şəxslərdən aldığı məlumatları özündə olan materiallarla müqayisə edir);
16. Şagirdlərin qarşılıqlı əlaqələrinin, dostluq münasibətlərini sosiometrik metodlarla öyrənilməsi. 

1 комментарий:

Unknown комментирует...

Sinif rəhbərinin nələri etməli oldugunu addım-addım izah etmisiniz.Bu qədər zəhmətin qarşılığı inanıram ki, yüksək mükafat olacaq