вторник, 17 октября 2017 г.

sinif saatı-vətənpərvərlik



Zaqatala rayon Mamrux kənd tam orta məktəbin  VI sinfində 04 oktyabr 2017 ci il tarixində keçirilmiş sinif təşkilat saatının məruzəsi

Mövzu:  Vətənpərvərlik

Vətənpərvərlik təkcə itirdiyimiz torpaqlari geri qaytarmaq istəyi deyil. Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Allaha, valideynlərimizə borclu olduğumuz kimi, vətənə də borcluyuq. Çünki biz bu torpağın üstündə gəzir, bu torpaqda, bu vətəndə yaşayırıq.Bəs biz bunu dərk edə bilirikmi? Biz vətəni sevirikmi? Biz vətənpərvərikmi?Azərbaycan gəncliyi inkişaf edir. Gənclərimiz bütün sahələrdə nailiyyətlər qazanırlar. Azərbaycan gənclərinin uğurlu sədaları xarici ölkələrdən gəlir. İstər təhsil sahəsində, istərsə də idman sahəsində gənclərimiz özlərini dogruldurlar. Bu, vətənə olan sevgidən, vətənpərvərlikdən yaranır. Minlərlə ogul və qızlarımız vətən uğrunda canlarından keçiblər. Şəhidlik isə ən uca zirvədir. Vətənpərvərlik böyük hissdir və şəhidlər məhz vətənpərvər insanlardır.Cəmiyyətdə elə gənclər var ki, vətənpərvər işlərlə məşgul olur, vətəni üçün əllərindən gələni əsirgəmirlər. Bunlar ürəyi vətən eşqi ilə çırpınanlardır. Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olanlardır. Bunlar o insanlardır ki, vətəni dərk edirlər.Vətənpərvərlik ruhu, milli mənlik şüuru ailədən başlayaraq təhsil ocaqlarına qədər gənc nəsilə aşılanmalıdır.Təəssüf ki, müxtəlif yollarla hərbi xidmətdən boyun qaçıran, əsgər gedəndə belə vətənə borcunu layiqli ödəməyən və vətəni sevməyən insanlar da var. Əsl vətənpərvər insan öz övladına, dostuna və ətrafındakı bütün onu dinləyə biləcək insanlara bu hissləri anlatmalı, vətəni sevməyi öyrətməlidir. Heç kim: "Vətən mənim üçün nə edib?” - deyə soruşmamalıdır. Əksinə, biz: "Vətən üçün nə etmişik?” - deyə öz-özümüzə sual verməliyik.XX əsrin sonlarında Sovetlər İttifaqının süquta uğradığı ərəfələrdə Azərbaycan xalqı müstəqillik bayrağını qaldırdı. Bu müstəqillik Azərbaycanın siyasi tarixində XX əsrdəki ikinci qələbəsi idi. 18 oktyabr bizim istiqlaliyyət günümüzdür.1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi və nəhayət, Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.Azərbaycan Respublikasında dekabrın 29-da keçirilən ümumxalq səsverməsi sübut etdi ki, Azərbaycan xalqı dövlətimizin müstəqil olmasını yekdilliklə istəyir. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının dövlət himnini, az sonra isə üçrəngli bayraq, səkkiz guşəli ulduz təsvirli dövlət gerbini təsdiq etdi.1991-ci il oktyabrın 18-dən etibarən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalqımız bu günu dövlət səviyyəli bir bayram kimi qeyd edir.Bəlkə də, tarixi bilməyən gənclər Azərbaycanın müstəqillik əldə etməsi üçün necə əzablı yollar keçdiyini bilmirlər. 20 il öncə Azərbaycanın dövlət müstəqilliyini elan etməsi xalqımızın tarixi arzularının reallaşması idi. Bizim müstəqilliyə gedən yolumuz, həqiqətən, çox mürəkkəb olub.Belə ki, 1980-ci illərin sonunda sovet rejiminin dağılma prosesinin başlandığı aydın idi. Elə məhz həmin dövrlərdə Dağlıq Qarabağda separatçı hərəkat, alçaq Ermənistanın təcavüzü başladı. O dövrlərdə hakimiyyət orqanlarının bütün bu baş verən hadisələrə qarşı biganəliyi Azərbaycanda xalq hərəkatına təkan verdi. Elə bir məqam yetişdi ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması böyük təhlükə altına düşdü.Azərbaycan dövlətçiliyinin sabahını düşünənlər Heydər Əliyevə üz tutdular. Heydər Əliyev bu çağırışdan imtina etmədi, çünki bütün ömrünü həsr etdiyi Azərbaycanın dağılmasına gozü görə-görə razı ola bilməzdi.
Hazırda Azərbaycan müstəqil, suveren dövlətdir. Vətəni sevən hər bir vətən övladı müstəqilliyin nə olduğunu dərk etməlidir. Respublikamızda baş verən proseslərə baxdıqda ancaq müsbət hadisələrin şahidi oluruq. Müstəqillik əldə etməyimiz çox önəmli bir hadisədir. Bütün insanlara, o cümlədən məktəbli gənclərə itirilmiş torpaqlarımız haqqında, şəhidlərimiz barəsində danışmaq, onlarda vətənə sədaqət aşılamaq lazımdır. Hamı bilməlidir ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda daim hər şeyə hazır olmalıdır.

Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqları qorumaq, Heydər Əliyev ideyalarına sadiq qalmaq hər birimizin müqəddəs borcudur. Vətəni sevmək yalnız əlinə silah alıb döyüşə atılmaq deyil. Bu mənada, hər bir Azərbaycan gənci tutduğu vəzifəsindən asılı olmayaraq, vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı və bayrağını uca tutmalıdır. Milli dəyərlərimizə həmişə hörmətlə yanaşmaq hər birimizin borcudur. Azərbaycanın gəncləri bu vətən üçün şəhid olublar. Bu gün Şəhidlər xiyabanı ancaq matəm günlərində ziyarət ediləcək bir yer deyil. Uşaqlar, yeniyetmələr və gənclər hər gün buranı ziyarət etməli, torpaqlarımız uğrunda canlarından keçən insanları unutmamalıdırlar.

Комментариев нет: