Zaqatala rayon Mamrux kənd tam orta məktəbin VI sinfində 15 sentyabr 2017 ci il tarixində keçirilmiş sinif təşkilat saatının məruzəsi
Mövzu: Bakının azad olunması
1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış,
mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan
Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə oldu. Müstəqilliyini
elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal
altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə
başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik
hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə
bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə
dövlət Türkiyə idi. Və belə bir kömək üçün qardaş dövlətə müraciət edildi.
1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini
Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi
hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr
verdi. Mayın 28-dən əvvəl türk ordu hissələrinin gəncəyə girməsi Azərbaycan
hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı. Müvəqqəti olaraq Gəncədə
yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını
işğalçılardan azad etmək idi. Yeri gəlmişkən, 1918-ci il iyunun 4-də Azərbaycan
hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında
müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti
ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi
Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun
tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin
məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli
qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq
Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı
və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı
ağılasığmaz soyqırım siyasəti həyata keçirilmişdi. Soyqırımın həyata keçirilməsində
bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu:
«1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi
ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə Sentrokaspi adlı hökumət quruldu.
Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq
Komissarları Soveti kimi antiazərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə
sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət
etmək niyyəti güdən bu hökumət ermənilərə və digər yad qüvvələrə
arxalanırdı»-deyə tarixçi, millət vəkili Musa Qasımlı bildirir. M.Qasımlının
sözlərinə görə, Bakı uğrunda mübarizə aparan yalnız Sentrokaspi deyildi,
Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını
istəmirdi.1918-ci ilin iyulundan Qafqaz islam Ordusu artıq Bakının azad edilməsi
istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı
günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi.
Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak
oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi.Tarixçi alim
M.Qasımlının sözlərinə görə, Qafqaz islam Ordusu Bakının mühasirəsini çox dəqiqliklə
həyata keçirmişdi: «Hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində
etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi
Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı». Qardaş Türkiyənin hərbi
dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün
yazılması demək idi. Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün «Azərbaycanın
kədəri kədərimiz, sevinci sevincimizdir!» fikrinin əyani təsdiqi idi.Bakının
azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən
Bakıya köçürüldü. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra
Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş
oldu.Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız
təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan
bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad
edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı.
Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi
planlaşdımışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa
edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.
Комментариев нет:
Отправить комментарий